Şihan Cahangir Əliyev

“Arzum, tələbələrimin 18 il əvvəl Azərbaycanda bünövrəsini möhkəmləndirdiyim real aykido məktəbini ləyaqətlə davam etdirmələridir”- 8-cı Dan qara kəmər sahibi, Azərbaycan "Aiki-Citsu və Protekt Servis" İdman Cəmiyyətinin prezidenti Cahangir Əliyev deyir.

1994-cü ildə “Aiki-Klub” adlı ilk aykido klubunu yaradan C.Əliyevin əlbə-yaxa döyüş növləri ilə məşğul olmağa başlaması əsgərlik vaxtlarına (1978-80) təsadüf edib. Həmin vaxt keçmiş SSRİ-nin Daxili İşlər Nazirliyinin əmri ilə cəza çəkmə müəssisələrində xidmət göstərən əsgərlərdən ibarət “fövqəladə hallar üçün” ciu-citsu, sambo, cüdo və digər əlbəyaxa döyüş növlərinin öyrədiləcəyi qrup yaradılır. C.Əliyev də qrupun 22 nəfərindən biri olur və bu hadisə onun ciu-citsu ilə ciddi maraqlanmağına səbəb olur. Əsgərlikdən sonra Bakıya qayıdan C.Əliyev bir neçə həvəskarla birlikdə kiokuşin karate ilə məşğul olmağa başlayır. Lakin bu uzun çəkmir. Bir çox əlbəyaxa döyüş növləri, eləcə də kiokuşin karate ilə məşğul olmağa dövlət tərəfindən qadağa qoyulur. 9 il idmandan ayrı düşən C.Əliyev yenidən idmana qayıdır, lakin, bu dəfə onun diqqətini aykido cəlb edir. Deyir ki, “Düşünürdüm ki, aykidonun real həyat üçün yararlı tətbiqi olmalıdır”. Elə həmin dövrdə Yekaterinburqda yaşayan dostunun köməyi ilə “real aykido” ilə tanış olur.

1992-ci ildə Ural Real Aykido Mərkəzinin prezidenti Pavel Morozov tərəfindən Yekaterinburq şəhərində keçirilən beynəlxalq real aykido seminarına dəvət alır. Seminardan sonra bir ay Yekaterinburq şəhərində məşq edən C.Əliyev Dünya Real Aykido Mərkəzinin prezidenti, 10-cu Dan qara kəmər sahibi, akademik Lyubomir Vraçareviçlə tanış olur.

Daha sonra Bakıya qayıdan idman ustası aykidonun yeni növü barədə şagirdlərinə danışır. 1993-cü ildə yenidən beynəlxalq real aykido seminarına qatılır. 1994-cü ilin yanvarın 15-də isə real aykido üzrə ilk qara kəmərə (1-ci Dan) layiq görülür.

C.Əliyev deyir ki, inandırıcı olmasa da, o dövrdən bəri heç bir uğursuzluğu olmayıb. 18 il əvvəl real aykido üzrə heç bir dərəcəsi olmayan idmançı hazırda Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri içərisində ən yüksək kəmər sahibidir (6-cı Dan qara kəmər). Uğurunun səbəbini isə, yaradıcılıq tələb edən real aykido döyüş növündə bəzi fəndlərin yeni kombinasiyalarını nümayiş etdirməsi və bu nümayişin Dünya Real Aykido Mərkəzinin prezidenti Vraçareviç tərəfindən bəyənilməsidir.

1996-cı ildə 2-ci, 1998-ci ildə isə 3-cü Dan kəmər sahibi olan C.Əliyev Bakıda keçirilən seminarda akademik Vraçareviç tərəfindən real aykidonun Qafqaz bölgəsi üzrə rəsmi Prezidenti elan edilib.

2001-ci ildə C.Əliyev həm 4-cü Dan qara kəmər qazanır, həm də Şərqi Avropa Federasiyası Assembleyasının rəyi ilə Şərqi Avropa ciu-citsu cəmiyyətinin vitse prezidenti seçilir. Sonrakı uğur özünü 3 il sonra, 2004-cü ildə göstərir, C.Əliyev 5-ci Dan qara kəmər sahibi olur.

2008-ci ildə də yüksək döyüş texnikası nümayiş etdirərək Vraçareviç tərəfindən 6-cı DAN qara kəmərə layiq görülüb. Ümumilikdə, bu illər ərzində real aykido, ciu-citsu və bu-citsu üzrə 14 dəfə beynəlxalq seminarlarda iştirak edib.

1999-cu ilin mayında isə C.Əliyev Avropanın ciu-citsu, bu-citsu və kobudo üzrə baş koordinatoru 9-cu Dan İsveçli Yan Erik Karlsonun Moskvada təşkil etdiyi seminara rəsmən dəvət olunub. Azərbaycandan ilk rəsmi nümayəndə olan idmançı Qrand-master Karlson tərəfindən 2-ci Dan qara kəmər alır və həmin Hoku-şin-ko-ryu-bu-citsu Dünya Federasiyasının Azərbaycan üzrə nümayəndəsi təyin edilib.

İndiyə kimi 3000-dən çox tələbəsi olduğunu deyən təlimatçı onlarla fəxr etdiyini deyir. Dediyinə görə, tələbələri idmana ürəklə yanaşanda şərəf duyur. “Mən xoşbəxtəm ki, tələbələrim Milli Təhlükəsizlik, Fövqəladə Hallar və Daxili İşlər Nazirlikləri və s. kimi güc strukturlarında yüksək zabit rütbələrinə malikdirlər” deyən C.Əliyev, hər hansı bir seminar keçiriləndə və ya Vraçareviç Bakıya gələndə tələbələrinin ətrafına yığışdığı zaman çox sevincli olur.

“Qara kəmər” Akademiyasının üzvü olan C.Əliyev artıq 16 ildən çoxdur ki, Gürcüstan ciu- citsu federasiyası ilə əlaqə saxlayır, birlikdə beynəlxalq seminarlar, turnir və çempionatlar təşkil edirlər. C.Əliyevin fikrincə, keçirdikləri idman tədbirləri hər iki dövlətin idmançıların inkişafında mühüm rol oynayır. İdman ustası üçün belə vacib görüşlərdən biri də elə Tiflisdə baş verib. 2004-cü ildə o, məhz bu şəhərdə keçirilən növbəti beynəlxalq seminarlardan birində, Avropada məşhur ciu-citsu ustası, 8-ci Dan qara kəmər sahibi Coni Lenskens (Belçika) və 7-ci Dan Yürgen Şerxer (Almaniya) ilə ilk görüşlərini keçirib. C.Əliyevin fikrincə, Azərbaycanda real aykidonun inkişafı düzgün gedir, yoxsa “1996-ci ildəki ilk seminarı çıxmaqla Bakıda keçirilən bütün seminarlarda şəxsən Vraçareviç özü iştirak etməzdi”. Çünki, digər ölkələrdəki seminarlara əksər hallarda akademik Vraçareviç tələbələrini göndərir. C.Əliyev deyir ki, Vraçareviç Azərbaycanlı tələbələrin həvəs və çılğınlığına heyrandır. Elə bunun nəticəsidir ki, tələbələrə bütün qara kəmərlər Vraçareviç tərəfindən təqdim edilib.

C.Əliyevin bütün bu zəhməti və xidmətləri 2010-cü il aprelin 27-də Dünya Real Aykido Mərkəzinin qızıl medalı ilə təltifinə səbəb olub. Azərbaycan Real Aykido Mərkəzinin uğurlarına baxmayaraq yeganə çatızmazlığı şəxsi zalının olmamasıdır. Hazırda məqsədi 20-25 nəfərlik zal tikdirmək və başladığı işi davam etdirməkdir.

8 may 1959-cu ildə Bakı şəhərində doğulan Cahangir C.Əliyev Respublika İdman internat məktəbinin yetirməsidir. Hobbisi gitarada ifa etmək və şahmat oynamaqdır. Arzusu sağlam yaşamaqdır, fikrincə, insan sağlam olanda həyatı qaydasında olur. 5 yaşından yuxarı yetişdirdiyi tələbələrinin asudə vaxtlarında boş-boş işlərlə yox idmanla məşğul olması onu sevindirir.

C.Əliyev gördüyü işi belə adlandırır: “Bu, bizim heyatımız, gələcəyimiz, genofondumuz, dövlətimizin gücü və dövlətə xidmətimizdir”.